Xidmət haqqında

ÇapE-poçt

Dövlət Miqrasiya Xidməti

Dövlət miqrasiya siyasəti

Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)” təsdiq edilmişdir.

Bu Dövlət Proqramının əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Proqramda miqrasiya proseslərinin xüsusiyyətləri, dövlət siyasətinin prioritet istiqamətləri öz əksini tapmışdır. Bununla yanaşı proqramın əhatə etdiyi dövr ərzində ayrı-ayrı dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirməli olduqları tədbirlər qeyd edilmişdir.

Dövlət Miqrasiya Xidməti haqqında

Naxçıvan Muxtar Respublikası ərazisində miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.

Belə ki, öz fəaliyyətləri çərçivəsində həyata keçirilən tədbirlərin sırasına miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər daxildir.

Eyni zamanda, ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların muxtar respublika ərazisindən çıxarılması işinə də ciddi nəzarət edir.


Joomla 1.5