"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
30.12.2020. Ali Məclisin sessiyası keçirilib
30.12.2020. Ali Məclisin sessiyası keçirilib

Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.
1. 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin təsdiq edilməsi
5. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”,– fikirlərini xatırladaraq demişdir ki, ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ikinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, Azərbaycan düşmən üzərində böyük tarixi qələbə qazanmışdır. Bu qələbənin qazanılmasında yaralanıb sağlamlığını itirənlər və şəhid olanlar da olub.
Ali Məclisin Sədri Vətən müharibəsində yaralananlara şəfa diləmiş, sessiyada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir. (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur)
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış etmişlər.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev çıxış etmiş, “Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunmuşdur.
Gündəlikdə duran üçüncü məsələ – Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev çıxış etmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunmuşdur.
Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunmuşdur ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur.
Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunmuş və “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilmişdir.
Ali Məclisin Sədri sessiyanın gündəliyində duran beşinci məsələnin müzakirəsi zamanı qeyd etmişdir ki, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyasının üzvləri Naxçıvan Muxtar Respublikası Ali Vəzifəli Şəxsinin təklifinə əsasən Ali Məclis tərəfindən 5 il müddətinə seçilirlər.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Vəzifəli Şəxsinin Mərkəzi Seçki Komissiyasının üzvləri haqqında təklifinə baxılaraq təsdiq edilmişdir.
Ali Məclisin Sədri 2020-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların ­hamısına təşəkkürünü bildirmiş, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası ­Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini Vətən müharibəsində qazandığımız böyük qələbə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik etmiş, 2021-ci ildə uğurlar arzulamışdır.
Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası öz işini başa çatdırmışdır.