"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
28.09.2019. “Arıçılıq məhsulları-bal festivalı”
28.09.2019. “Arıçılıq məhsulları-bal festivalı”

2019-cu il muxtar respublikada "Ailə təsərrüfatları ili" elan olunmuşdur. Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksək keyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Hər il Naxçıvan şəhərində keçirilən "Arıçılıq məhsulları-bal festivalı" da arıçılar üçün geniş imkanlar açır. 

Sentyabrın 28-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları-bal festivalı" keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmişdir.   

Festival açıq elan edildikdən sonra Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək demişdir ki, Naxçıvanda arıçılıq əsasən son 20 ildə geniş surətdə inkişaf etdirilməyə başlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülmüş, arı ailələrinin sayı artmışdır. Hazırda muxtar respublikada arı ailələrinin sayı 74 mindən çoxdur. Elsevər Əsədov arıçılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir. 

Məlumat verilmişdir ki, festivala muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 323 arıçı tərəfindən 13 tondan artıq süzmə, 3 tona yaxın şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarılmışdır. Naxçıvan balı öz dadı, qoxusu, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə yaxşı tanınır və yüksək qiymətləndirilir. Son illər Naxçıvanda arıçılıq sahəsində aparılan elmi araşdırmaların həcmi çoxalmış, bu sahəyə dair kitab və dərsliklər nəşr olunmuşdur. Balla yanaşı,vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları yüksək tibbi əhəmiyyətə malikdir.  Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində vərəmumdan təbii antibiotiklər hazırlanır. 

Naxçıvan şəhər sakini Bəyməmməd Ağammədov Ali Məclisin Sədrinə minnətdarlıq edərək demişdir: Fəxr edirik ki, cənab İlham Əliyev kimi Prezidentimiz var. Eyni zamanda fəxr edirik ki, Naxçıvanımızı inkişafa, sabitliyə, rifaha qovuşduran rəhbərimiz var. Ölkəmizin, onun bir hissəsi olan doğma Naxçıvanımızın çətin günlərini yaxşı xatırlayırıq. Ulu öndər Heydər Əliyev xalqımızı, ölkəmizi, müstəqilliyimizi o çətin günlərdən xilas etdi, qorudu. 

Ali Məclisin Sədri arıçılarla söhbət etmiş, bal almış, onların qayğıları ilə maraqlanmışdır. 

Günnüt kəndindən olan arıçılar Fikrət Məmmədov və Nəsrəddin Fərəcov minnətdarlıq edərək demişlər ki, artıq Günnüt balının şöhrəti geri qaytarılıb. Həm zəngin bitki örtüyü, həm də təbii şəraiti Günnüt kəndində arıçılıq üçün geniş imkanlar açır. İşğaldan azad olunduqdan sonra arıçılar bu imkanlardan yararlanaraq keyfiyyətli bal istehsal edirlər. 

Şərur rayonunun Cəlilkənd sakini, arıçı, "Əmək orden"li Familə Mirzəyeva demişdir ki, arıçı sahibkarların pulsuz dərmanla təmin edilməsi, hər bir arı ailəsinə görə subsidiyanın və arıçılara güzəştli kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar açmışdır. Festivallarda məhsullarımızı rahat satırıq. Eyni zamanda təsərrüfat adamlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu da məsuliyyətimizi artırır, daha həvəslə işləyirik. 

Arıçılardan Mirabbas Eminov, Vilayət Abdullayev, Müqbil Zamanov da minnətdarlıq edərək festivalın məhsul satışı ilə yanaşı, həm də arıçılar arasında təcrübə mübadiləsi aparılması baxımından əhəmiyyətli olduğunu vurğulamışlar. 

Naxçıvanda festivalların  keçirilməsi turistlər və gələn qonaqlar tərəfindən də böyük maraqla qarşılanır. 

Bakı şəhər sakini, Azərbaycan Dövlət Radiosunun baş redaktoru, Əməkdar İncəsənət xadimi Şəfəq Əlixanlı minnətdarlıq edərək demişdir: "Hər il Naxçıvana gəlirik. Müxtəlif tədbirlərdə, festivallarda iştirak edir, muxtar respublikanı gəzirik. Naxçıvanın mərkəzində də, ən ucqar yaşayış məntəqələrində də inkişaf və müasirlik var. Səliqə-sahman, təmizlik, insanların xoş siması bizi qürurlandırır. Heyrətlənməmək mümkün deyil. Artıq əminliklə demək olar ki, Naxçıvan dünyanın mərkəzi və ən abad yeridir". 

Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Yasəmən Hacıyeva da Naxçıvanın inkişafının, xüsusilə elmə, təhsilə göstərilən diqqətin, tikilən müasir məktəb binalarının, səhiyyə müəssisələrinin, salınan yolların, abadlaşan kəndlərin, keçirilən festivalların nümunə olduğunu bildirmişdir. 

Festivalda baldan hazırlanan müxtəlif şirniyyatların, eləcə də dulusçuluq, ağacişləmə, tikmə nümunələrinin, məhkumların hazırladıqları müxtəlif əl işlərinin də satışı həyata keçirilmişdir. 

Şahbuz, Sədərək, Ordubad, Babək və Culfa rayonlarından gələn arıçılar da Ali Məclisin Sədrinə arıçılığın inkişafı üçün yaradılan şəraitə görə minnətdarlıq etmişlər. 

Culfa rayonunun Gülüstan kənd sakini, arıçı İlqar Hüseynov arı ailələrinin becərilməsində qədim metodlardan və Naxçıvan təcrübəsindən geniş istifadə etdiyini bildirmişdir. İlqar Hüseynov demişdir ki, Gülüstan kəndi arıçılıq üçün çox əlverişlidir. Hər il bol məhsul götürürəm. İstehsal etdiyim baldan 170 kiloqram əsgərlərə pay vermişəm. Dövlət təsərrüfatımın inkişafı üçün şərait yaradır, dəstək verir. Bizim borcumuz da ordumuzla bir olmaqdır, həmrəylik nümayiş etdirməkdir. 

Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri  və Rəqs qrupu festival iştirakçılarına musiqi nörmələri təqdim etmişlər. 

Ali Məclisin Sədri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçiləri - Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin bədii rəhbəri və dirijoru Nizami Məmmədov və Mahnı və Rəqs Ansambılının baletmeysteri Tamerlan Bağırov ilə görüşmüş, orkestrin və ansamblın formalaşmasının əhəmiyyətini vurğulamış, onlara təşəkkür etmişdir. Həmçinin Ali Məclisin Sədri "Turizm könüllüləri" layihəsinin iştirakçıları ilə söhbət etmişdir. 

Ali Məclisin Sədri nümunəvi arıçılıq təsərrüfatlarının təcrübəsinin yayılması, arıçılığın elmi əsaslarla öyrənilməsinə diqqətin artırılması, eləcə də Naxçıvan Dövlət Universitetində muxtar respublika arıçıları ilə birlikdə maarifləndirici seminarın keçirilməsi barədə tapşırıqlar vermişdir.  

 Festival sentyabrın 29-da da davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə  keçiriləcəkdir.