"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
27.12. 2019. Tələbələrin istehsalat təcrübəsi
27.12. 2019. Tələbələrin istehsalat təcrübəsi

Tələbələrin Dövlət Miqrasiya Xidmətində

istehsalat təcrübəsi uğurla başa çatıb

Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbələri Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçiblər.

Ümumilikdə 35 tələbənin iştirak etdiyi təcrübə 12 noyabr - 28 dekabr 2019-ci il tarixlərini əhatə edib. Onlar təcrübə zamanı Xidmətin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış edilib və müəyyən iş bacarıqlarına sahibləniblər. Təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə ediblər. Əvvəlki illərin də təcrübəsi sübut edir ki, istehsalat təcrübəsinin əsas məqsədi qazanılmış biliklərin təkrarlanması və təkmilləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsidir.

Xidmətin təcrübəli əməkdaşları tərəfindən tədris olunan dərslərdə tələbələrə Azərbaycan Respublikasında miqrasiya siyasətinin xüsusiyyətləri və muxtar respublikada həyata keçirilən prosesləri barədə ətraflı məlumat verilib, miqrasiya proseslərinin yaranmasına səbəb olan siyasi amillər və müasir miqrasiya proseslərinin istiqamətləri, miqrasiya sahəsində tətbiq edilən yeniliklər, həmçinin miqrasiya proseslərinin həyata keçirilməsində informasiya təminatının rolu barədə təsəvvürün yaranması məqsədilə onların ayrı-ayrı sahələrlə tanışlığı təmin olunub.

Eyni zamanda  Dövlət Miqrasiya Xidmətinin fəaliyyət göstərdiyi müddətdə keçdiyi sürətli inkişaf yolu, muxtar respublikamızda beynəlxalq standartlara uyğun miqrasiya xidmətinin formalaşması, miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi, vətəndaşlıq məsələlərinə baxılması, miqrasiya sahəsində uçot sisteminin tətbiqi və monitorinqin həyata keçirilməsi mövzularında da tələbələrə geniş məlumatlar çatdırılıb. 

Tədris olunan dərslər daha çox slayd və vidoeçarxlarla nümayiş olunub ki, bu da təcrübə zamanı dərslərin keyfiyyətli formada öyrənilməsi üçün müstəsna əhəmiyyətə malikdir.

Bu gün muxtar respublikamızda insan hüquq və azadlıqlarına xüsusi diqqətlə, həssaslıqla yanaşılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanması Mərkəzi bunun əyani göstəricisidir. Habelə tələbələrin Qanunsuz miqrantların saxlanılması mərkəzinin fəaliyyəti ilə tanışlığı da həyata keçirilib.

Sonda istehsalat təcrübəsini başa vuran tələbələrə şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, bu gün muxtar respublikanın blokadada olmasına baxmayaraq idarəetmənin düzgün təşkili, iqtisadiyyatın şaxələndirilməsi, sağlam və əlverişli biznes mühitinin formalaşdırılması və kadr potensialından səmərəli istifadə edilməsi iqtisadi göstəricilərin artımı ilə müşayiət olunmaqda davam edir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlmiş və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir. Reallaşdırılan düzgün siyasətin nəticəsidir ki, muxtar respublikamıza təşrif buyuran əcnəbilərin sayı hər ötən ili daha da üstələyir. Həmçinin Xidmət rəisi muxtar respublikamızda gənclərə göstərilən ali diqqət və qayğıdan, yaradılan hərtərəfli şəraitdən, onların həyatın bütün sahələrinə inteqrasiya edilməsindən ətraflı danışıb, istehsalat təcrübəsini uğurla başa vuran tələbələri təbrik edib, hər birinə gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Sonra Xidmət rəisi tərəfindən təcrübədə iştirak edən tələbələrin hər birinə şəhadətnamələr təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə IV kurs tələbəsi Təbrizə Bağırova Xidmətdə yüksək səviyyədə keçirilən istehsalat təcrübəsinə və onlara yaradılan şəraitə görə rəhbərliyə və təcrübə keçən xidmət əməkdaşlarına tələbələr adından minnətdarlığını bildirib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.