"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
15.01.2021. Kollegiya iclası keçirilib
15.01.2021. Kollegiya iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində 2020-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə bağlı kollegiya iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində 2020-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə bağlı keçirilən kollegiya iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr barədə geniş məruzə edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi, böyük əzmkarlığı və ali diqqətinin nəticəsidir ki, yola saldığımız ildə muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə, davamlı və dinamik inkişafa nail olunmuş, mövcud resurslardan səmərəli istifadə nəticəsində makroiqtisadi göstəricilərdə artım müşahidə olunmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi-strateji mövqedə və mühüm ticarət qovşaqlarının üzərində yerləşməsi əcnəbilərin muxtar respublikamıza olan marağını və müxtəlif məqsədlərlə səfər etmək niyyətini hər ötən il daha da artırır. Bu baxımdan muxtar respublikaya gələn əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin qeydiyyatı, müvəqqəti və daimi yaşaması, iş icazələrinin verilməsi, ölkədə olma qaydalarının tənzimlənməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və  miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması Dövlət Miqrasiya Xidməti tərəfindən 2020-ci ildə də ciddi nəzarətdə saxlanılıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyduğu prioritet vəzifələrdən biri də qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirləridir. 2020-ci ildə qanunsuz miqrasiyaya qarşı həyata keçirilən tədbirlər zamanı muxtar respublika ərazisində qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 131 əcnəbi aşkarlanıb. Bu rəqəm 2019-cu ildə 202 nəfər olmuşdur ki, bu da müvafiq dövrlə müqayisədə 71 nəfər və ya 35 faiz azdır. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan şəxslərin sayının azalmasına səbəb isə, bu sahədə geniş və davamlı maarifləndirmə işlərinin aparılması, eyni zamanda qanunvericiliyin tələblərini pozan şəxslərin muxtar respublika ərazisində yaşamasının və işləməsinin leqallaşdırılması olmuşdur.

Xidmət rəisi diqqətə çatdırıb ki, 2020-ci il ərzində miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 2 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq Xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılmışdır. Qeyd olunan şəxslər Mərkəzdə saxlanıldığı müddətdə Miqrasiya Məcəlləsində və Mərkəzin Daxili intizam qaydalarında nəzərdə tutulmuş bütün prosessual hərəkətlər yerinə yetirilmiş, onların qanunla nəzərdə tutulmuş hüquqları təmin edilmişdir. 

Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və Xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 4828 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 2524-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub. 1441-i isə konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və elektron hökumət portalına daxil olmuşdur.

Qeyd olunub ki, muxtar respublika ərazisində müvəqqəti olan və yaşayan, habelə mövcud vəziyyətlə əlaqədar öz ölkələrinə qayıda bilməyən əcnəbilərin olma və yaşamalarının leqallaşdırılması ilə bağlı Xidmət tərəfindən zəruri tədbirlər görülmüş və onların ölkədə olmaları qanuniləşdirilmişdir. Bu səbəbdən də 2020-ci il ərzində 323 əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmışdır. Xüsusilə qeyd edilməlidir ki, mövcud vəziyyət nəzərə alınmaqla, ötən dövr ərzində Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri tam gücü ilə fəaliyyət göstərib. Bu da əcnəbilərin Xidmətə daha rahat və operativ qaydada müraciət etməsinə geniş imkanlar yaradıb.

Vurğulanıb ki, yaradılan geniş imkanların nəticəsidir ki, Xidmətin e-mail ünvanına və elektron hökumət portalına ümumilikdə 1194 müraciət il ərzində daxil olmuşdur. Həmin müraciətlərin 1083-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı, 82-si müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı, 29-u isə sorğu xarakterli müraciətlər olmuşdur. Müraciətlərin hər biri Xidmət tərəfindən tam, dəqiq, eyni zamanda operativ  qaydada cavablandırılmışdır.

2020-ci ildə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 1497, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 17, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 16, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 178 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib. 2019-cu ildə əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı Xidmətə 55 müraciət daxil olmuşdursa, ötən il bu rəqəm 4 dəfədən çox artaraq 270-ə çatıb. Bu bir daha onu göstərir ki, miqrasiya sahəsində dövlət siyasəti muxtar respublikanın sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların, o cümlədən də əməkçi miqrantların və onların ailə üzvlərinin həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəldilmişdir.

Xidmət rəisi bildirib ki, muxtar respublikamızın mövcud sosial-iqtisadi və dinamik inkişafı sayəsində burada yaşamaq, işləmək, təhsil almaq, o cümlədən ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı hər ötən il artan dinamika ilə inkişaf edir. Reallaşdırılan məqsədyönlü və uğurlu siyasət respublikanı tərk edib digər ölkələrə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtmasına çox ciddi təsir edir. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, 2020-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 3 müraciət daxil olmuşdur.

Maarifləndirmə mövzusuna xüsusi toxunularaq qeyd edilib ki, əcnəbilərin muxtar respublikamızda təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri nə qədər önəmlidirsə, hüquq və azadlıqları, vəzifələri, eyni zamanda miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da bir o qədər diqqətdə saxlanılan prioritet məsələdir. Mövzunun aktuallığı və əhəmiyyəti nəzərə alınaraq, Xidmət tərəfindən müxtəlif  məzmunlu maarifləndirmə tədbirləri reallaşdırılır. Tədbirlərin yekununda onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə, turizm məkanlarına ekskursiyaları da təşkil olunub.

Altıncı çağırış “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında Ali Məclisin Sədri tərəfindən qarşıya qoyulan vəzifələr əsas götürülərək vaxtında və dəqiq yerinə yetiriləcək, miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində  maksimum qüvvə və səy göstəriləcəkdir” deyən Xidmət rəisi bildirib ki, Xidmətə müraciət edən şəxslərin məmnunluğunun təmin olunması daim diqqətdə saxlanılmaqla, bundan sonra da xidməti fəaliyyət müasir tələblər səviyyəsində davam etdiriləcəkdir.

Sonra məruzə ətrafında müzakirələr olub.

Kollegiya iclasında Xidmətin 2021-ci il üçün iş planı təsdiq edilib.

Kollegiya iclasına yekun vuran Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev Xidmətin bütün şöbələrinə müvafiq tapşırıqlarını verib, bu ildə də qanunsuz miqrasiyaya qarşı mübarizə aparılmalı və vətəndaşlarla münasibətdə etik davranış qaydalarına mütləq surətdə əməl edilməli olduğunu diqqətə çatdırıb və qarşıya qoyulan vəzifələrin icrasında əməkdaşlara uğurlar arzulayıb.