"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
14.11.2020. Qarabağlar Türbə Kompleksi
14.11.2020. Qarabağlar Türbə Kompleksi

Dövlət Miqrasiya Xidmətinin kollektivi  Qarabağlar Türbə Kompleksini ziyarət edib

Bu gün Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyəti diqqətdə saxlanılır, muzey ekspozisiyaları zənginləşdirilir, müasir tələblər əsasında yenidən qurularaq bu sahədə mühüm işlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərimizin həyatlarını, yaradıcılığını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan, gələcəyə daşıyan yerlərdir”.

Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muzeylərə kollektiv gedişi davam etdirilir.

Noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin kollektivi “Muzey günləri” çərçivəsində bu dəfə Qarabağlar Türbə Kompleksində olub.

Muzeyin bələdçisi Xidmət əməkdaşlarına ətraflı məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin  “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.

Qeyd edilib ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir.

Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır. Binadakı təndirlərin yaranma tarixi kompleksin yaranma tarixi ilə eyni vaxta düşüb, xalqımızın həmin dövr üçün əsas məşğuliyyətini, adət-ənənələrini və yaşayış tərzini özündə əks etdirir. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

Sonda əməkdaşları maraqlandıran suallar bələdçi tərəfindən ətraflı cavablandırılıb. Qədim Şərq mədəniyyət incisi olan Qarabağlar Türbə Kompleksini ziyarət Xidmət əməkdaşlarında xoş təəssüratlar yaradıb.