"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
13.12.2019. Maarifləndirmə tədbiri
13.12.2019. Maarifləndirmə tədbiri

Əcnəbilərin maarifləndirilmə tədbirləri uğurla davam etdirilir

Dövlət Miqrasiya Xidmətində muxtar respublikamızda yaşayan, eləcə də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə növbəti maarifləndirmə tədbiri reallaşıb.

Tədbirə giriş sözü ilə başlayan Xidmətin əməkdaşı Kənan Məmmədov bildirib ki, yarandığı ilk gündən fəaliyyətini insan hüquq və azadlıqlarının qorunması, humanizm və qanunçuluq prinsipləri əsasında həyata keçirən Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib. Muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri Xidmət tərəfindən uğurla həyata keçirilir.

Diqqətə çatdırılıb ki, bu gün qarşıya qoyulan bütün vəzifələrin uğurla icra olunması, əhalinin həyat səviyyəsinin və sosial rifah halının daha da yaxşılaşdırılması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, həmçinin miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi daim diqqət mərkəzində saxlanılan prioritet məsələdir. Muxtar respublikaya müxtəlif məqsədlərlə təşrif buyuran əcnəbilərin sayının hər ötən ildə daha da artması bunun bariz nümunəsidir.

Kənan Məmmədov Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barəsində də ətraflı məlumat verib.

Eyni zamanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları, vəzifələri və miqrasiya qanunverciliyi  ilə bağlı nəzərdə tutulan məqamlar slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı izah olunub. Həmçinin çıxışlar, təqdim edilən slayd və videoçarxlar əcnəbilərin aydın formada başa düşə bilmələri üçün ingilis dilində də səsləndilirib.

Sonra tədbir iştirakçılarına Xidmət tərəfindən hazırlanmış bukletlər təqdim olunub. Bu da birbaşa onların maariflənməsinə, hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xidmət edir. Həmçinin təqdim olunan bukletlər vasitəsilə onlar miqrasiya qanunvericiliyi ilə bağlı yaranan əksər suallara da cavab tapa bilərlər.

Qarşılıqlı diskusiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran suallar da ətraflı cavablandırılıb.

Sonda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar əcnəbilərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub. Ziyarət zamanı məlumat verilib ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar bu gün burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadim­inin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Muzeydə yerləşən zəngin fond materialları, orijinal sənədlər və eksponatlar tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb. Bu tədbirlər muxtar respublikada yaşayan əcnəbilərin hüquq və vəzifələri, miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmalarına, həmçinin qədim diyarımızın mədəniyyətinin təbliğinə mühüm töhfə verir.