25.09.2018. Dövlət Miqrasiya Xidmətində növbəti maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

Sentyabrın 25-də Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Türk-islam mədəniyyətinin nadir nümunəsi: Qarabağlar Türbə Kompleksi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan tədbiri giriş sözü ilə açan Xidmət əməkdaşı Elvin Cavadov bildirib ki, bu kimi maarifləndirici tədbirlərin təşkil edilməsində məqsəd əcnəbilərin muxtar respublika ərazisində müvəqqəti olması və yaşaması, əmək fəaliyyəti ilə məşğul olması, öz hüquq və vəzifələri ilə bağlı hüquqi məlumat əldə etmələri, həmçinin muxtar respublikanın tarixini, mədəniyyətini və milli adət-ənənələrini tədbir iştirakçılarına geniş şəkildə çatdırmaqdır.

Mədəniyyət Nazirliyinin əməkdaşı Əli Rzayev çıxışında qeyd edib ki, türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamı ilə bərpa işlərinə cəlb olunmuş və 2018-ci il  iyulun 5-də istifadəyə verilmişdir. Kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

Bildirilib ki, kompleksin xanəgah hissəsində xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrindən ibarət eksponatlar nümayiş olunur. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar nümayiş olunur.

Sonda Qarabağlar Türbə Kompleksindən bəhs edən videoçarx nümayiş olunub və tədbir iştirakçılarının “Qarabağlar Türbə Kompleksi” nə ekskursiyası təşkil edilib.

Joomla 1.5