22.09.2018. Dövlət Miqrasiya Xidmətinin kollektivi Qarabağlar Türbə Kompleksində olub

ÇapE-poçt

Sentyabrın 22-də Dövlət Miqrasiya Xidmətinin kollektivi Qarabağlar Türbə Kompleksini ziyarət edib.

Muzeylə tanışlıq zamanı məlumat verilib ki, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid edilən Qarabağlar Türbə Kompleksi Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olmaqla bugünkü və gələcək nəsillərə təqdim edilən dövlətçilik irsimiz və mədəni sərvətimizdir.

Qeyd edilib ki, türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq elmi və tarixi əsaslarla bərpa edilib və 2018-ci ilin  iyulun 5-də bərpadan sonra istifadəyə verilib. Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını Qarabağlar türbəsi təşkil edir. Kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalmışdı. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

Bildirilib ki, kompleksin xanəgah hissəsində xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrindən ibarət eksponatlar nümayiş olunur. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

Joomla 1.5