24.07.2018. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ­2018-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin məqsədyönlü fəaliyyəti nəticəsində artıq yeni inkişaf mərhələsinin əsasları qoyulub. Bu inkişaf digər sahələrlə yanaşı, turizm sektorunun da davamlı perspektivlərinə hədəflənib. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi isə buraya miqrant axınının daha da artmasına zəmin yaradıb.

2018-ci ilin may ayında muxtar respublikanın ictimai-siyasi, sosial həyatına müsbət təsir edən əlamətdar hadisə baş vermişdir. Belə ki, Şərur rayonunun Günnüt  kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər  Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bu, vaxtilə öz doğma yurd yuvalarından didərgin düşmüş soydaşlarımızın yenidən həmin ərazilərdə məskunlaşmasını və nəticədə daxili miqrasiya proseslərini şərtləndirəcəkdir.

Muxtar Respublikaya  gələn  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin qeydiyyatı, onlara müvəqqəti, daimi yaşama və iş icazələrinin verilməsi, ölkədə olma qaydalarının tənzimlənməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və  miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması işini həyata keçirən Dövlət Miqrasiya Xidməti tərəfindən 2018-ci ilin I yarımili ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlər həyata keçirilib və ümumilikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərini pozan 165 əcnəbi aşkarlanıb. Aşkarlanmış əcnəbilərdən 119-u barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilmiş, 25-i 48 saat müddətində ölkə hüdudlarından kənara çıxarılmış, 21-i isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla girişlərinə müəyyən müddətə məhdudiyyət qoyulmuşdur. Vurğulanıb ki, bu dövr ərzində Xidmətə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı 4226, müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 312, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 3, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 3, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 22, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 113 müraciət daxil olmuşdur. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir.

Həmçinin bu dövr ərzində miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 10 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılmışdır.

Qeyd olunub ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Ali Məclisin Sədri tərəfindən hüquq-mühafizə orqanlarına maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirilməsi, nizam-intizamın daha da möhkəmləndirilməsi, ictimai asayişin və sabitliyin qorunmasına diqqətin artırılması barədə verilən tapşırıqlar əsas götürülərək qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcək, miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində  maksimum qüvvə və səy göstəriləcək, Xidmətə müraciət edən şəxslərin məmnunluğunun təmin olunması daim diqqətdə saxlanılacaq, eyni zamanda  inkişaf prosesindən geri qalmadan müasir dövrün tələblərinə uyğun fəaliyyət  təşkil ediləcəkdir.

Sonra məruzə ətrafında Xidmətin şöbə rəisləri Zakir Məmmədovun, Əli Mehdiyevin, Kənan Məmmədovun və Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi Ramin İbrahimovun çıxışları olub.

Tədbirə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev yekun vuraraq qarşıda duran vəzifələrlə bağlı Xidmətin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Joomla 1.5