27.06.2018. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

ÇapE-poçt

İyunun 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan -2018” mövzusunda maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Şəhanə Seyidova Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinin idarə olunması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə qeyd edilib ki, Xidmət fəaliyyətini muxtar respublika ərazisində miqrasiya sahəsində dövlət siyasətinin, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi istiqamətində qurmuş, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatçısına çevrilmişdir.

Bildirilib ki, Dövlət Miqrasiya Xidməti ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələri, qeyri–qanuni miqrasiyanın qarşısının alınması məqsədilə miqrasiya sahəsinə nəzarəti həyata keçirmiş, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görmüşdür.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı qeyd edib ki, Muxtar respublika ərazisində fəaliyyət göstərən və turizm sahəsində əsas subyekt rolunu oynayan mehmanxanaların da Dövlət Miqrasiya Xidmətinin elektron resurslarından maksimum şəkildə yararlanmasına şərait yaradılmış, mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması internet üzərindən həyata keçirilməyə başlanmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı İman Alırzayev  çıxışında qeyd edib ki, türk-islam mədəniyyəti tarixində mühüm yerə sahib olan Naxçıvanda tarixi dəyərlərin, milli mədəniyyət nümunələrinin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Bu mənada, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi qarşısında geniş imkanlar açılır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmış, komitənin 2016-cı il noyabr 25-də Naxçıvan şəhərində keçirilən iclasında Tədbirlər Planı təsdiq olunaraq icrasına başlanılmışdır. Belə ki, 20 iyun 2018-ci il tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan  şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçirilib.

Sonda “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan -2018” adlı filmə baxılıb və tədbir iştirakçılarının “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiya təşkil edilib.

Joomla 1.5