31.05.2018. Dövlət Miqrasiya Xidmətinin yaradılmasının növbəti ildönümü qeyd olunub

ÇapE-poçt

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 8 il ötür.

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 8-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə yaradılan Dövlət miqrasiya Xidməti 8 ildir ki, miqrasiya sahəsində həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib. Hazırda Xidmət muxtar respublika ərazisində olan miqrasiya axınını nəzarətdə saxlamaq və miqrasiya proseslərini qanunverciliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.

Xidmətə müraciət edənlərin məmunluğunun təmin edilməsi, məsuliyyətlilik, operativlik və şəffafləq əsas meyardır. Miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq hüquqlarını həyata keçirmələri üçün göstərilən xidmətlərin səviyyəsi ildən –ilə artırılır.

Xidmət rəisi qeyd edib ki, bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sisteminin inkişafına da diqqət və qayğı göstərilir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət ötən dövrdə fəaliyyətini muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində qurub.

Xidmət rəisi ötən illər ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşısında qoyulmuş vəzifələrin öhdəsindən öz səlahiyyətləri çərçivəsində müvəffəqiyyətlə gəldiyinə, göstərilmiş etimadı doğrultmaq üçün ciddi səylə əməli fəaliyyət göstərdiyinə diqqət çəkib. Xidmətin muxtar respublikanın sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması sahəsində gördüyü işlərdən danışıb.

Minnətdarlıqla qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi diqqətdən kənarda qalmayıb və bir çox miqrasiya qulluqçusu dövlət mükafatlarına layiq görülüb.

Xidmət rəisi əminlik ifadə edib ki, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin paytaxtı elan olunduğu 2018-ci ildə də miqrasiya orqanları əməkdaşları öz missiyalarını layiqincə yerinə yetirmək üçün bütün qüvvə və səylərini səfərbər edəcəklər.

Tədbirdə çıxış edən Azərbaycan  Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib.

Vüsal Hüseynov sözügedən qurumun bir xidmət sahəsi kimi beynəlxalq standartalara malik olduğunu deyib. Bildirib ki, muxtar respublikada bunun üçün əsas amillərdən olan maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində geniş işlər aparılıb, yüksək xidməti şərait yaradılıb. Ötən 8 ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin formalaşdırılması, müasir tələblərə cavab verən bina ilə təmin edilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xidmət üçün yaradılmış şərait, qurulmuş infrastruktur dövlətin bu sahəyə xüsusi diqqətinin daha bir nümunəsidir. Yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti qarşıda duran vəzifələri uğurla icra edir, bu sahədə çalışan əməkdaşlar dövlətin mənafeyini etibarlı şəkildə qoruyur, eyni zamanda əcnəbi vətəndaşların muxtar respublikada qanuni fəaliyyətini təmin edirlər.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşına “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalını, “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” III dərəcəli Azərbaycan Respublikası medalını təqdim ediblər. Həmçinin xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaş vəzifədə irəli çəkilib və həvəsləndirmə qaydasında mükafatlandırılıblar.

Sonda tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasında hazırlanan “Miqrasiya siyasəti: idarəetmə və inkişaf” filminə baxıblar.

Joomla 1.5