25.05.2018. Müsəlman Şərqinin ilk Cümhuriyyəti

ÇapE-poçt

Dövlət Miqrasiya Xidmətində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev  1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb və 28 May tarixinin Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu qeyd edib.

Xidmət rəisi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisidir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Qeyd olunub ki,  Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ümummilli lider Heydər Əliyev hələ sovet dövründə - 1990-cı ildə ilk dəfə Naxçıvanda cümhuriyyətin üçrəngli bayrağını muxtar respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilidi.

Vurğulanıb ki, ölkəmizdə Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixdə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam, eləcə də ölkə başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi milli dövlətçilik tariximizə olan xüsusi diqqətin bariz nümunəsidir.

Tədbirin sonunda “Son iclas”  filmi nümayiş olundu.

Joomla 1.5