26.05.2018. Muzeylər tariximizin qorunduğu məkandır

ÇapE-poçt

Mayın 26-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.

Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, bu ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013- cü il tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.

Qeyd olunub ki, kompleksdəki muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Bu muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır. Belə abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir.

Sonra kollektiv kompleksdə yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət edib.

Joomla 1.5