10.05.2018. Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu

ÇapE-poçt

Dövlət Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xidmətdə təşkil olunan ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar. Vətənə, xalqa həsr edilən ömrün anları vərəqlənib.

Tədbir Xidmətin akt zalında davam etdirilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev  ulu öndərin xalq, dövlət qarşısında misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində və milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində müstəsna rolundan danışıb.

Bildirilib ki, Müstəqil Azərbaycan dövlətinin qazandığı tarixi nailiyyətlər, böyük zəfərlər ümummilli lider Heydər Əliyev dühasının təntənəsidir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə liderlik və xilaskarlıq missiyasını şərəflə yerinə yetirib. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.

Xidmət rəisi ümummilli lider Heydər Əliyevin Azərbaycanda SSR hakimiyyəti dövründə iqtisadiyyat, sənaye, elm, mədəniyyət və digər sahələrdə mühüm irəliləyişlərin əldə edildiyini və bütün bunların məntiqi nəticəsi olaraq, Azərbaycanın Sovet İttifaqının öndə gedən ölkələrindən birinə çevrildiyini qeyd edib, müasir dövrdə Azərbaycanın suverenliyi və iqtisadi müstəqilliyinin məhz həmin illərdə ümummilli lider tərəfindən təməli qoyulmuş bünövrənin məntiqi nəticəsinin olduğunu bildirib.

Vurğulanıb ki, bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası da Heydər Əliyev ideyalarına sadiqliyin nəticəsində günü-gündən inkişaf edir, çiçəklənir. Qədim diyarımız uzun illərin blokada şəraitinə baxmayaraq, hərtərəfli inkişaf yolundadır. Əldə olunan nailiyyətlər muxtar respublikamızın möhtəşəm inkişaf və yüksəlişinin parlaq təzahürü olmaqla ulu öndər Heydər Əliyev ideyalarına tükənməz sədaqətin nəticəsidir.

Qeyd olunub ki, ümummilli liderin Azərbaycan naminə gördüyü işlər ona tarixdə və yaddaşlarda əbədiyaşarlıq qazandırıb. Dahi şəxsiyyətin əvəzsiz xidmətləri heç zaman unudulmayacaq. Azərbaycan yüksəldikcə Ulu öndər Heydər Əliyev də yüksələcəkdir.

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük Ömrün Anları”  filminin nümayişi ilə başa çatıb.

Joomla 1.5