07.05.2018. Əcnəbi tələbələrin iştirakı ilə tədbir keçirilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə əcnəbi tələbələr iştirak ediblər. Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ulu öndərimizin təhsilin inkişafı sahəsində gördüyü işlərdən, qazanılan uğurlardan, muxtar respublikada son illərdə bu sahə ilə bağlı əldə edilən nailiyyətlərdən danışıb. O bildirib ki, ümummilli liderimizin bu gün də uğurla davam etdirilən təhsil siyasəti məktəblərdə təlim şəraitinin yaxşılaşmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin pedaqoji ustalığının artmasına səbəb olub.

Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxışında deyib ki, mövcud sabitlik, artan sosial-iqtisadi inkişaf, miqrantların hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər nəticəsində muxtar respublikaya miqrant axını ilbəil artır. Qeyd edib ki, multikultural dəyərlərin hakim olduğu Naxçıvanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrədilməsi məsələsi xidmətin diqqət mərkəzində saxlanılır və bu istiqamətdə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir.

Tədbirdə xidmətin əməkdaşları Qiyas Paşayev və Zakir Məmmədov çıxış edərək iştirakçılara əcnəbi tələbələrin müvəqqəti olma və yaşama prosedurları, onların qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələri haqqında ətraflı məlumat veriblər.

Naxçıvan Dövlət Universitetinin tələbəsi Odıgıe Samson Joe əcnəbi tələbələr adından onlar üçün yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq edib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı videoçarx nümayiş edilib, əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri və bukletlər verilib, müvafiq müraciətlər qəbul edilib, mərkəzdəki yerli məhsullara baxış olub.

Sonra əcnəbi tələbələrin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil edilib, mərkəzdə onların iştirakı ilə “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda viktorina və idman oyunları keçirilib. Sonda qaliblər mükafatlandırılıb.

Joomla 1.5