27.04.2018. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib

ÇapE-poçt

Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və kadr hazırlığı” mövzusunda keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Anar Əhmədov qeyd edib ki, muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində ardıcıl, səmərəli və sistemli tədbirlər görülür, sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir. Belə ki, təkcə 2018-ci ilin ötən dövrü ərzində muxtar respublikada nazirliyin xətti ilə yeni istehsal və xidmət sahələrinin yaradılması üzrə 16 layihəyə güzəştli dövlət maliyyə dəstəyinin göstərilməsi nəticəsində 5 milyon 544 min manat vəsait sərf olunub. 90-dan çox yeni iş yeri açılıb. Muxtar respublika iqtisadiyyatının inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması daxili əmək bazarında haqqı - ödənilən əmək fəaliyyəti ilə məşğul olan miqrantların sayının artmasına gətirib çıxarıb.

Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov çıxış edərək bildirib ki, hazırda muxtar respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı bir vaxtda Dövlət Miqrasiya Xidməti də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. Bununla bağlı xidmət tərəfindən hər zaman özəl sektora diqqət göstərilir, sahibkarlarla mütəmadi görüşlər keçirilir.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Samir Sadiqov əcnəbi işçilərin muxtar respublika ərazisində əmək fəaliyyətinə cəlb edilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydaları və şərtlərinin əhəmiyyətindən danışıb. Sahibkarların diqqətinə çatdırılıb ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi alınmasından sonra Azərbaycan Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.

Sonra İqtisadiyyat Nazirliyinin əməkdaşı Mircavid Tağızadənin və Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Elmar Eyvazovun çıxışları olub.

Çıxışlarda yerli əmək ehtiyatları hesabına tutulmayan boş iş yerlərinin əcnəbi işçi qüvvəsi tərəfindən ödənilməsinin mqaydaları və şərtləri, məşğulluğun təmin olunmasında sahibkarlığın rolu, əmək ehtiyatlarından səmərəli istifadə haqqında söhbət açılıb.

Sahibkarlar adından çıxış edən Seyfəddin Rəhimov belə görüşlərin keçirilməsinin iş adamlarının maarifləndirilməsinə xidmət etməsindən danışıb, təşkilatçılara minnətdarlığını bildirib. Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Joomla 1.5