22.02.2018. Dövlət Miqrasiya Xidmətində növbəti maarifləndirici tədbir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarixi-memarlıq abidələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri xidmətin əməkdaşı Samir Abbasov açaraq Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq, təhsil almaq və s. hüquqları barədə məlumat verib. Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin “Elektron hökumət portalı”na inteqrasiya olunmuş 9 sahə üzrə elektron xidmət növü  müraciət edənlərin rahatlığını, habelə operativliyi və şəffaflığı təmin edir. Miqrasiya sahəsində tətbiq edilən yeniliklərin məqsədi xidmət göstərilən kontingentin məmnunluq səviyyələrini artırmaqdır.

Slaydların nümayiş etdirildiyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mövzu ilə bağlı ətraflı məlumat verib. Nəzərə çatdırılıb ki, Naxçıvan antik və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Azərbaycan türkləri Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaradıblar.

Vurğulanıb ki, muxtar respublikamızda xalqın, torpağın canlı yaddaşı sayılan tarixi-mədəni incilərin bərpası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi, qorunması, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Görülən tədbirlər nəticəsində son 22 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunaraq xalqımıza qaytarılıb.

Sonra tədbir iştirakçılarının “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyaları olub.

Joomla 1.5