01.08.2017. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir

ÇapE-poçt

Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.

Müşavirəni xidmətin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq məruzə ilə çıxış edib. Xidmət rəisi bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf xəttinin uğurla davam etdirilməsi nəticəsində respublikamız iqtisadi inkişaf sürətinə görə dünya ölkələri içərisində öncül mövqelərdən birini tutub. Ötən illər ərzində muxtar respublikamız da sosial-iqtisadi baxımdan sürətlə inkişaf edib. İqtisadi fəallığın artması, yeni iş yerlərinin açılması, eyni zamanda miqrasiya sahəsində qanunvericiliyin sadələşdirilməsi və təhlükəsizliyin tam təmin edilməsi miqrantların axınını sürətləndirib, bu da, öz növbəsində, miqrasiya proseslərinə nəzarətin gücləndirilməsini zərurətə çevirib. Qeyd olunub ki, hesabat dövründə xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirilib, müəyyən edilmiş inzibati pozuntu halları ilə bağlı müvafiq qərarlar qəbul edilib. Belə ki, qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 171 əcnəbidən 75-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib. Onların 82-si 48 saat müddətində ölkə hüdudlarından kənara çıxarılıb, 14-ü isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla girişlərinə müəyyən müddətə məhdudiyyət qoyulub. Bu dövr ərzində miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş, lakin inzibati məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə çatmamış 22 əcnəbi barəsində inzibati işin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib. Xidmət rəisi vurğulayıb ki, 2017-ci ilin birinci yarımili ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 4 min 574 müraciət daxil olub. Muxtar respublikada əcnəbilərin və vətəndaşlığı olmayanların haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün işicazələrinin verilməsi ilə bağlı işəgötürənlər tərəfindən xidmətə 22 müraciət daxil olub. Onlardan 15-i icra edilib, 7-si isə hazırda icra mərhələsindədir. Bundan əlavə, həmin dövrdə Miqrasiya Məlumat Mərkəzinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasının vətəndaşları tərəfindən miqrasiya sahəsində qüvvədə olan qanunvericilik, müraciətlərin icrası vəziyyəti və digər məsələlərlə bağlı 164 müraciət olub. Hər bir müraciət tam, dəqiq və operativ cavablandırılıb.

Sonra məruzə ətrafında xidmətin əməkdaşlarından Zakir Məmmədov, Əli Mehdiyev, Ramin İbrahimov, Kənan Məmmədov, İlkin Rəhimov, Qiyas Paşayev və Orxan Məmmədovun çıxışları olub.

Müşavirəyə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, baş miqrasiya xidməti müşaviri Şahin Nəbiyev yekun vurub.

Joomla 1.5