18.05.2017. Naxçıvan Dövlət Universitetində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

ÇapE-poçt

Mayın 18-də Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələrin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov açaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən, ölkəmizdəki siyasi sabitlik, sosial-iqtisadi inkişaf nəticəsində miqrantların sayının artmasından danışıb. Prorektor Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin ali təhsil ocağı ilə sıx əməkdaşlığından söhbət açıb.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxışında, rəhbərlik etdiyi Xidmətin öz hüquq və vəzifələrini həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyini bildirib. Xidmət rəisi bildirmişdir ki, muxtar respublikamıza təşrif buyuran əcnəbilərin ilk müraciət etdiyi qurumlardan birincisi məhz Dövlət Miqrasiya Xidmətidir. O vurğulamışdır ki, muxtar respublikaya təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla yanaşı, eyni zamanda həm də ölkədə yaşama hüququna malikdirlər. Məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasına daxil olan hər bir əcnəbi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun davranmalı, milli və mənəvi dəyərlərimizə hörmətlə yanaşmalıdırlar.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları İlkin Rəhimov, Kənan Məmmədov, Qiyas Paşayev, Zakir Məmmədov “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması, müvəqqəti yaşaması, qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət” mövzusunda çıxış ediblər. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsi qaydası əyani şəkildə tədbir iştirakçılarına izah olunmuşdur.

Sonda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi miqrasiya xidməti müşaviri Şahin Nəbiyev tərəfindən əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim olunub.

Joomla 1.5