23.11.2016. Xarici ölkə vətəndaşları Əshabi-Kəhf ziyarətgahında olublar.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvanın dini turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xidmət əməkdaşlarından Nurlan Tağıyev və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov dini turizm haqqında iştirakçılara ətraflı məlumatlar vermişdir.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialı vardır. Bu baxımdan dini turizm də özünəməxsus yerə malikdir. Son illər Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Muxtar respublikamız dini ziyarətgahlarla da zəngindir. Burada 140-a yaxın ziyarətgah mövcuddur. Belə ki, burada  müxtəlif dini obyektlər - pirlər, imamzadələr  var və imanlı insanlar bu obyektləri ziyarət edirlər.  Muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü isə müqəddəs Qurani Kərimin «Əl-Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahıdır. 2004-cü ildən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi adı altında fəaliyyət göstərən ziyarətgahda ziyarətçilər üçün hər cür şərait yaradılmışdır. Hər il buraya on minlərlə insan ziyarətə gəlir.

Sonra tədbir iştirakçıları üçün qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiya təşkil edilib.

Joomla 1.5