28.09.2016. Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Əlincəqala” mövzusunda tədbir keçirilib.

28.09.2016. Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Əlincəqala” mövzusunda tədbir keçirilib.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Əlincəqala” mövzusunda tədbir keçirilib. Tədbirdə Xidmətin əməkdaşı Nurlan Tağıyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır.
Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri də Əlincəqaladır. Qaladan I-VI əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunub. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artıb. Bildirilib ki, Əlincəqalanın xatırlandığı ilk yazılı mənbə “Kitabi Dədə Qorqud” dastanıdır.
Qeyd olunub ki, tarixən bu ərazidə yaşamış Azərbaycan türklərinin yaratdığı qədim tarixi-mədəni irsin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlər görülür, tarixi abidələr bərpa olunaraq keçmişdən bu günə körpü salınır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən, “Əlincəqala” tarixi abidəsinin bərpa olunması da bu sahədə görülən işlərin davamıdır.
Sonra tədbir iştirakçıları üçün “Əlincəqala” tarixi abidəsinə ekskursiya təşkil edilib, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ziyarət olunub. Burada onlara muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ekspozisiya zalında nümayiş etdirilən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, pul və sikkələr, kitab, jurnal və qəzet materiallarına böyük maraq göstəriblər. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən eksponatlar qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında ziyarətçilərdə dolğun təsəvvür yaradıb. “Əlincəqala” tarixi abidəsinin möhtəşəm görkəmi isə iştirakçıları heyran edib.

Joomla 1.5