26.08.2016. Rəssamlıq sənəti mədəni həyatın dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Azərbaycan rəssamlıq məktəbi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə Xidmət əməkdaşlarından Rüfanə Qarayeva açıb.

Tədbirdə məruzəçi qismində iştirak edən, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev qeyd edib ki, Azərbaycanda rəssamlıq sənətinin tarixi çox qədimdir. Ayrı-ayrı dövrlərdə Azərbaycan torpağında çox qüdrətli rəssamlar yetişib və rəssamlıq məktəbləri yaradılıb. Qədim Naxçıvan torpağı da istedadlı sənət adamlarının vətəni olub. XII əsrdə yaşamış memar Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, mərhum rəssamlardan Şəmil Qazıyev, Mircəlil Seyidov və digər görkəmli sənət adamları Naxçıvan sənətkarlıq məktəbinin yetirmələridir. Bu sənətkarlar Naxçıvan rəssamlıq məktəbinin yaradılmasında və onun zənginləşdirilməsində mühüm rol oynayıblar.

Bildirilib ki, Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərlinin adı təsviri-incəsənət tariximizə qızıl hərflərlə həkk edilmişdir. O, ilk təhsilini Naxçıvanda, sonra isə Tiflisdə xüsusi rəssamlıq məktəbində almışdır. Bəhruz Kəngərli mədəniyyətimizdə milli rəssamlığın inkişafında özünəməxsus rol oynayıb. Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim böyük qayğı göstərib. Ulu öndərimizin təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, iştirakçılar Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.

Joomla 1.5