18.05.2016. “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

ÇapE-poçt

May ayının 18-də Naxçıvan şəhərində “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda milli təlimə başlanılıb. Tədbir 3 gün davam edib.

Təlim Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Pro­qramı və Azərbaycan Hökumətinin birgə reallaşdırdıqları sərhəd idarəçiliyi layihəsi çərçivəsində keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları iştirak ediblər.

Birləşmiş Millətlər Təşkilatının Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, sərhəd xidmətinin təkmilləşdirilməsi istiqamətində istər maddi-texniki bazanın möhkəmləndirilməsi, istərsə də şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, yeni və müasir sərhəd infrastrukturunun yaradılması baxımından Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında mühüm işlər görülüb.

Layihə üzrə tərəf-müqabili Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) Avstriyadan olan beynəlxalq ekspertləri Robert Glökl və Heinz Shneider sərhəd idarəçiliyi sahəsində dünyada əldə edilən ən son nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər barədə iştirakçılara ətraflı məlumat veriblər. Ekspertlər müasir sərhəd idarəçiliyi modelləri barədə də danışıblar.
Əvvəlcə növbəti mərhələlərdə iştirak üçün qruplar yaradılıb, komandaların formalaşdırılması sahəsində nəzəri biliklərin artırılması məsələlərinə toxunulub. İştirakçılar ünsiyyət bacarıqlarını nümayiş etdirdikdən sonra təlimçilərlə birgə Albert Merabianın ünsiyyət qaydaları modeli üzərində işləyiblər. Motivasiya nəzəriyyəsindən çıxış edərək işçilərin motivasiyası və onun digərlərinə aşılanmasının vacibliyi diqqətə çatdırılıb.

“Frontal mühazirə”, “Müasir sərhəd və miqrasiya siyasəti – qabaqcıl təcrübələr” və s. mövzularda təlimçilər ətraflı məlumat verdikdən sonra iştirakçılarla mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Joomla 1.5