27.02.2016. Muzeylər tariximizin qorunduğu məkandır.

27.02.2016. Muzeylər tariximizin qorunduğu məkandır.

ÇapE-poçt

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət etmişlər.

Məlumat verilmişdir ki, Azərbaycanın tarixi şəhərlərindən biri olan Naxçıvan öz tarixi abidələri ilə çox məşhurdur. Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Araşdırmaların nəticəsi olaraq demək olar ki, saray 1780-ci ildə inşa edilmişdir. Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. Son dövrlərədək  “Xan evi”  kimi tanınan sarayda böyük həcmdə əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıq da Xidmət əməkdaşlarında xoş təəssürat yaratdı. Bildirildi ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Möminə Xatın türbəsinin yaxınlığında yerləşən Açıq Səma Altında Muzey Kompleksini də ziyarət etmişlər. Qeyd edilmişdir ki, muzey 2002-ci ildə təşkil olunmuşdur. "Əcəmi" seyrangahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir.

Joomla 1.5