12.02.2016. Elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi.

12.02.2016. Elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində hüquqi şəxslərin iştirakı ilə “Elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsinin rəisi Aysel Əliyeva çıxış edərək Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinin səmərəli təşkili və mövcud sistemlər üzərində yeniliklərin tətbiqi, “Naxtel” şirkətinin toplu SMS xidmətindən istifadənin təkmilləşdirilməsi haqda iştirakçılara məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə göstərilən diqqət və qayğının nəticəsində fəaliyyət göstərdikləri yeni inzibati binada müasir standartlara cavab verən texniki avadanlıqlar quraşdırılıb. Həmin avadanlıqlar elektron xidmətlərin göstərilməsi məqsədilə mərkəzi server sisteminə qoşularaq “Elektron hökumət portalı”na inteqrasiya olunub, əhaliyə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər müasirləşdirilib, bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb. Demək olar ki, Dövlət Miqrasiya Xidməti üçün nəzərdə tutulmuş bütün xidmət növü üzrə sahələr avtomatlaşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 3 dildə fəaliyyət göstərən rəsmi internet səhifəsi yaradılıb. İnternet səhifəsinin “Elektron xidmət” bölməsinə daxil olmaqla hər bir fiziki və hüquqi şəxs Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə müəyyənləşmiş 9 xidmət növündən istifadə edə bilər. Elektron xidmətlərin həyata keçirilməsinin inzibati prosedurunu müəyyənləşdirən texniki normativ hüquqi aktlar (inzibati reqlamentlər) xidmətin rəsmi internet səhifəsində yerləşdirilib. İnzibati reqlamentlərdə, əsasən, xidmətin interaktiv və ya informativ olması, müraciətin icra müddəti, hüquqi əsasları, ödəniləcək dövlət rüsumları və sənədləşmələr öz əksini tapır. Hər bir müraciət edən fiziki və hüquqi şəxs inzibati reqlamentlərlə tanış olaraq müvafiq xidmət növü üzrə Dövlət Miqrasiya Xidmətinə müraciət edə və hətta hər bir xidmət növü üzrə müəyyənləşmiş dövlət rüsumunu da onlayn həyata keçirə bilər.

Sonra Xidmətin analitik təhlil və statistika üzrə baş inspektoru Qiyas Paşayev çıxış edərək iştirakçılara elektron xidmətlərin həyata keçirilməsinin inzibati prosedurunu müəyyənləşdirən texniki normativ-hüquqi aktlar barədə məlumat verib, hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə müraciətlərlə bağlı “Elektron hökumət portalı” üzərindən müraciətlərin göndərilməsi qaydalarını praktiki olaraq izah edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Joomla 1.5