30.01.2016. Muzeylər tariximizi öyrənmək üçün ən gözəl əyani vasitədir

ÇapE-poçt

“Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi “Muzey günləri” ənənəsini davam etdirir. Belə ki, ötən il olduğu kimi 2016-cı ildə də Xidmət əməkdaşları tərəfindən muzeylərlə tanışlıq davam etdirilir. Təzə ilin ilk ziyarət edilən muzeyi isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi oldu.

Muzeyə baxış zamanı bildirildi ki, 1966-cı ildən fəaliyyət göstərən muzeyin fondunda 18 min 674 eksponat saxlanılır. Muzeydə çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini özündə əks etdirən qiymətli əlyazmalar, tətbiqi və  təsviri sənət nümunələri, qədim və  müasir kitablar, qəzet və  jurnallar, xatirə əşyaları və  digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir. Bundan əlavə, ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və  heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər-afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də vardır.

Muzeyin bələdçiləri tərəfindən ətraflı məlumat verildikdən sonra Xidmət əməkdaşlarından Zakir Məmmədov, Orxan Hüseynov və Şahin Nəbiyev muzey haqda öz təəssüratlarını bölüşüblər.

Joomla 1.5