07.12.2015. Maarrifləndirici tədbirlər davam etdirilir.

ÇapE-poçt

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Ordubad rayonunda tədbir keçirilib.

Ordubad Rayon Polis Şöbəsinin sahə inspektorlarının və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd miqrasiya sahəsində iştirakçıların maarifləndirilməsi olub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətlər, onların ölkəmizdə işə cəlb olunması və respublikamızda əmək miqrasiyasının hüquqi tənzimlənməsi barədə məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeyd olunub ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsilə müraciət etməlidirlər.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından Zakir Məmmədovun, Rahib Kərimovun, Şahin Nəbiyevin çıxışları olub. Çıxışlarda miqrasiya sahəsində ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən kompleks tədbirlərdən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətindən, onların ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılmasından, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsindən söhbət açılıb. Bundan başqa, ölkə ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər tərəfindən iş icazələrinin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə də tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Joomla 1.5