04.12.2015.Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti Şərur rayonunda maarifləndirici tədbir keçirib.

ÇapE-poçt

Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şərur rayonunda tədbir keçirilib. Şərur Rayon Polis Şöbəsinin sahə inspektorlarının və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd miqrasiya sahəsində iştirakçıların maarifləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə dair məhdudiyyətlər, onların ölkəmizdə işə cəlb olunması və respublikamızda əmək miqrasiyasının hüquqi tənzimlənməsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən, peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasıdır.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından Əfqan Əliyevin, Rahib Kərimovun, Şahin Nəbiyevin və Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Bədəlovun çıxışları olub.

Joomla 1.5