28.07.2015. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin ilk 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.

ÇapE-poçt

İyul ayının 28-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və 2015-ci ilin birinci yarısının yekunları ilə bağlı müşavirə keçirilmişdir. Müşavirəni Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov açaraq bildirib ki, bu ilin birinci yarısında Dövlət Miqrasiya Xidməti üçün ən əlamətdar hadisə may ayının 27-də qurum üçün yeni, hər cür şəraitlə təmin olunmuş binanın istifadəyə verilməsi olub. Xidmətə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğının nümunəsi olan bu binada yaradılan yüksək səviyyəli iş şəraiti əməkdaşların məhsuldar fəaliyyəti üçün geniş imkanlar açıb. Yeniliklərdən biri də qurumun “Naxtel” Şirkətinin toplu SMS xidmətindən istifadəyə başlamasıdır. Belə ki, artıq Dövlət Miqrasiya Xidmətinə müraciət edən hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının elektron müraciətlərinə uyğun cavablandırma onların mobil telefonlarına ünvanlandırılır. Daha bir yenilik isə 202-Miqrasiya Məlumat Mərkəzinin fəaliyyətə başlaması olmuşdur.

Qeyd edilib ki, 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz əmək miqrasiyasının qarşısının alınması və iş icazələrinin qüvvədə olma qaydalarına nəzarət etmək məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən tikinti və emal sənayesi sahələrində yoxlamalar keçirilib. Bundan əlavə, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin ölkə ərazisində müvəqqəti olması, müvəqqəti və daimi yaşaması üzərində nəzarət həyata keçirilmişdir. Əldə olunan nəticələrə əsasən, 2015-ci ilin birinci yarımili ərzində muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 137 əcnəbi aşkarlanıb. Aşkarlanmış əcnəbilərdən 19-u barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib, 110 nəfər 48 saat müddətində, 8 əcnəbi isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb. Bu dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı Xidmətə ümumilikdə, 5621 müraciət daxil olub.

Qeyd edilib ki, bəhs olunan dövrdə konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin elektron poçt ünvanına, ümumilikdə, 1542 müraciət daxil olub. Bu dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən dövlət büdcəsinə, ümumilikdə, 89 min 350 manat məbləğində vəsait köçürülüb.

Sonra məruzə ətrafında çıxışlar olub, xidmətin 6 aylıq fəaliyyəti ətraflı təhlil edilib, ötən ilin müfaviq dövrünün göstəriciləri ilə müqayisələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Müşavirəyə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov yekun vurub.

Joomla 1.5