27.05.2015.Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binası istifadəyə verilmisdir.

ÇapE-poçt

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli  dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov tədbirə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev açılışı bildirən lenti kəsmişlər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya  Xidmətinin rəisi Fazil Ələkbərov demişdir ki, muxtar respublikada miqrasiya  sahəsində dövlət idarəçiliyinin həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin   vaxtında və düzgün yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün  miqrasiya proseslərinin tənzimlənməsində və idarə olunmasında qabaqcıl  beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur. Yeni inzibati binanın istifadəyə  verilməsi  də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Binada əməkdaşların fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq edən Fazil Ələkbərov bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylərini artıracaqlarını bildirmişdir.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin  Nəbiyev çıxış edərək demişdir ki, ölkəmizin sosial-iqtisadi inkişafı,  geosiyasi  mövqeyi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına  səbəb olmuşdur. Bu gün Azərbaycan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilmiş və miqrasiya prosesləri dinamik xarakter almışdır. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə Dövlət Miqrasiya Xidməti  yaradılmış və bu sahədə qanunvericilik bazası formalaşdırılmışdır. Firudin Nəbiyev Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarına gələcək işlərində uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya  Xidmətinin  yaradılmasının  5 illiyi və xidmət üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik  edərək  demişdir:   Ölkəmizdə bütün sahələrin inkişafına qayğı göstərilir. Bu  sahədə  görülən  işlərin  tərkib  hissəsi  olaraq Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bu xidmət sahəsinin yaradılması Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının nəticəsidir. Artıq  Azərbaycan  inkişaf  etmiş  ölkələr sırasındadır, yoxsulluq səviyyəsi 5 faizin altındadır. Azərbaycan dünyanın cəlbedici ölkələri sırasına yüksəlmiş, ölkəmizə gələn əcnəbi  və  miqrantların sayı artmışdır. Bütün bunlar da Dövlət Miqrasiya Xidmətinin yaradılmasını zərurətə çevirmişdi. 
Ali Məclisin Sədri  demişdir: Dövlətçilik həyatında 5 il qısa bir müddətdir. Ötən 5 ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin formalaşdırılması, müasir  tələblərə  cavab verən bina ilə təmin edilməsi, qanunvericilik  bazasının  yaradılması və təkmilləşdirilməsi sahəsində görülən tədbirlər mühüm  əhəmiyyətə  malikdir. Bu bir daha Azərbaycan dövlətçiliyinin möhkəm təməllər  üzərində  qurulduğunu  təsdiq  edir.  Artıq  yaradılmasından qısa müddət keçməsinə baxmayaraq,  Naxçıvan Muxtar Respublikası  Dövlət Miqrasiya Xidməti qarşıda duran vəzifələri uğurla icra edir, bu sahədə çalışan əməkdaşlar dövlətin mənafeyini etibarlı  şəkildə  qoruyur,  eyni  zamanda  əcnəbi  vətəndaşların muxtar respublikada qanuni fəaliyyətini təmin edirlər. 
Ali Məclisin Sədri demişdir:  “Miqrasiya”  sözü  latın  dilindən tərcümədə “köçmə, yerdəyişmə” deməkdir. Yəni insanların bir ərazidən digər əraziyə  köçməsini ifadə edir. Bu cür yerdəyişmələr həm xoşməramlı, həm də digər məqsədlər üçün ola bilər. Ona görə də miqrasiya xidmətinin  qarşısında  mühüm vəzifələr durur.  Kollektiv, ilk növbədə, qanunsuz miqrasiyanın qarşısını almalı, əcnəbilərin  yaşayış yeri üzrə qeydiyyatını aparmalı, iş icazəsi verməli və onların qanunlara  əməl  etmələrinə nəzarəti həyata keçirməlidir. Bundan başqa, Naxçıvan Muxtar  Respublikası  Dövlət Miqrasiya Xidmətinin əməkdaşları çalışmalıdırlar ki, əcnəbilər  qanunlara əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikasının tarixini, mədəniyyətini və dilini də öyrənsinlər. 
Ali Məclisin Sədri miqrasiya xidməti əməkdaşlarının bundan sonra da öz üzərinə  düşən  vəzifələri  layiqincə yerinə yetirəcəklərinə, muxtar respublikada miqrasiya  proseslərinin  idarə  olunması  sahəsində qanunvericiliyin tələblərinə uyğun  fəaliyyət  göstərəcəklərinə  əminliyini  bildirmiş,  kollektivi  və   muxtar respublika  əhalisini qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik etmişdir.
Sonra bina ilə tanışlıq olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada  71 otaq  vardır.  Burada  qeydiyyat   şöbəsi,  kitabxana- tədris,  server və kompüter, növbətçi, xüsusi  vasitələrin saxlanması otaqları, iclas zalı, arxiv, yeməkxana, iş və xidmət otaqları yerləşir. Otaqlar müasir avadanlıqlar və kompüter dəstləri ilə təmin olunmuşdur.

Joomla 1.5