27.11.2014."Sığınacaq axtaran şəxslərin saxlanılması" na dair regional təlim keçirilib.

ÇapE-poçt

Noyabrın 27-də Naxçıvandakı “Duzdağ” oteldə BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəliyi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Naxçıvan Muxtar Respublikasının sərhəd rayonlarında çalışan sərhədçilər və əlaqədar orqanların nümayəndələri üçün regional təlim keçirilib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi” çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov təlimin məqsəd və məramı barədə iştirakçıları ətraflı məlumatlandırıb. Bildirilib ki, bu gün qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması Azərbaycanda, eyni zamanda Naxçıvan Muxtar Respublikasında da daim diqqət mərkəzində saxlanılır. Ölkəmizin gündən-günə artan iqtisadi imkanları bu sahədə əlavə tədbirlərin görülməsinə şərait yaradır. Qeyd olunub ki, hazırda muxtar respublikada 1151 qaçqın, 252 məcburi köçkün ailəsi yaşayır. Bu qaçqın və məcburi köçkün ailələrinin 5253 üzvünün hər biri dövlət qayğısı ilə əhatə olunub.

“Ermənistanın işğal etdiyi Kərki kəndinin sakinləri üçün indiki Kəngərli rayonunun ərazisində salınan Yeni Kərki kəndində insanların rahat yaşaması üçün lazımi infrastruktur yaradılıb, mənzillər, məktəb, kənd və xidmət mərkəzləri tikilib”, – deyən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini vurğulayıb ki, qaçqın və məcburi köçkün ailələrinə Naxçıvan şəhərində də beşmərtəbəli yaşayış binaları, muxtar respublikanın digər bölgələrində məskunlaşan insanlar üçün fərdi mənzillər inşa olunub. Ümumilikdə, 1995-ci ildən sonra qədim diyarda qaçqın və məcburi köçkün ailələrinə 250-yə yaxın mənzil verilib.

Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qaçqın, məcburi köçkün və miqrasiya problemləri şöbəsinin müdir müavini Telman Məmmədov deyib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xüsusiyyətlərindən biri də ölkədə aparılan siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə təsirli tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır. 1993-2014-cü illər ərzində qaçqınların və məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı 90 fərman və sərəncamın, 32 qanunun imzalanması, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 350 qərar və sərəncamın qəbul edilməsi də bunu təsdiq edir.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəisi Nazim Salmanov miqrasiya məsələləri ilə bağlı ölkəmizdə görülən işlərdən danışıb. BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin Hüquq şöbəsi müdirinin müavini xanım Maqdalena Aquilar Pulido bildirib ki, təlimin məqsədi ölkənin sərhəd rayonlarında işləyən və sığınacaq-miqrasiya məsələlərinə cəlb olunan hökumət rəsmilərinin bacarıq, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.

Sonra “Milli qaçqın statusunun müəyyənləşdirilməsi prosedurları haqqında”, “Sığınacağa dair milli istiqamətləndirmə prosesi”, “Sığınacaq axtaran şəxslərin saxlanılması” və digər məsələlərə dair məruzələr dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, verilən suallar cavablandırılıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda sığınacaq” adlı məlumat kitabçaları iştirakçılara paylanılıb.

Joomla 1.5