08.11.2014. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə beynəlxalq miqrasiya hüququ üzrə təlim kursları keçirilib.

08.11.2014. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə beynəlxalq miqrasiya hüququ üzrə təlim kursları keçirilib.

ÇapE-poçt

2014-cü ilin noyabr ayının 6-7 tarixlərində Naxçıvan şəhərindəki “Təbriz” otelində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə beynəlxalq miqrasiya hüququ üzrə təlim kursları keçirilib. Təlim kurslarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, “Naxçıvan” Sərhəd Diviziyasının, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən BMqT-nin Azərbaycan Nümayəndəliyinin proqram koordinatoru Səltənət Məmmədova bildirib ki, beynəlxalq miqrasiya hüququ üzrə təlim kursları miqrasiya sahəsinə cəlb olunmuş müvafiq dövlət qurumları nümayəndələrinin beynəlxalq miqrasiya qanunvericiliyi, miqrasiya hüququ, miqrantların qayıdışı və bu kimi digər məsələlərdə biliklərinin artırılması və fəaliyyətlərinin gücləndirilməsi məqsədi daşıyır. Bundan əvvəl təlimlər Bakıda, Yevlaxda, Lənkəran və Xaçmazda da keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Elnur Məmmədov çıxış edərək qeyd edib ki, iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində muxtar respublikada miqrasiya proseslərinin daha səmərəli üsul və vasitələrlə vahid dövlət orqanı tərəfindən tənzimlənməsi, onların uçotunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb. Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində aidiyyəti orqanların fəaliyyətini əlaqələndirir. Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun, habelə muxtar respublika ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi məsələləri ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir. Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanı sərhəd-buraxılış məntəqələrində miqrasiya bölmələrinin və miqrasiya köşklərinin yaradılması ilə əcnəbilərin təlimatlandırılması prosesində böyük irəliləyişlər əldə edilib, qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha effektiv şəkildə həyata keçirilməsinə başlanılıb. Müasir dövrdə təcrübə mübadiləsinin əhəmiyyətindən də danışan Elnur Məmmədov bu mənada beynəlxalq miqrasiya hüququ üzrə keçilən təlim kurslarının əhəmiyyətini qeyd edib. BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri əvəzi Sərhaн Aktoprak çıxışında Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini qeyd edib. Bildirib ki, ölkədə bütün sahələr üzrə əsaslı nailiyyətlər qazanılır, onun Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir. BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri əvəzi vurğulayıb ki, regional inkişafın aparıcı dövləti olan Azərbaycan Respublikası hazırda miqrantların mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib. Buna görə də BMqT ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsi müasir dövrün tələbidir.

Joomla 1.5