07 iyul 2014. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2014-cü ilin birinci yarısının yekunları ilə bağlı müşavirə keçirilmişdir.

ÇapE-poçt

2014 - cü ilin birinci yarısının yekunları

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2014-cü ilin birinci yarısının yekunları ilə bağlı müşavirə keçirilmişdir.

Tədbiri Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov açmışdır.

Xidmət rəisi 2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən görülmüş işlərin yekunları ilə bağlı çıxış etmişdir.

Çıxışında cari ilin birinci yarısında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşamaq üçün, habelə əmək fəaliyyəti üçün iş icazəsinin verilməsi və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlər və onların həlli məsələləri ilə bağlı statistik məlumatlar vermiş, 2014-cü ilin birinci yarısında Xidmətin əldə etdiyi nailiyyətlər və yol verilmiş nöqsanlar ətraflı təhlil edilmişdir.

Qeyd olunmuşdur ki, cari ilin birinci yarısında muxtar respublika ərazisində qanunsuz və qeydiyyatsız olan, qanunsuz yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 147 əcnəbi aşkarlanmış, onlardan 60 nəfəri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilmiş, 87-si  isə ölkə hüdudlarından kənara çıxarılmışdır.

Xidmət rəisi əlavə etmişdir ki, cari ilin ilk 6 ayında qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə muxtar respublikanın müxtəlif rayon və kəndlərində əhali arasında maarifləndirici tədbirlər keçirilmiş, əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamasının, habelə əmək fəaliyyəti ilə məşğul olmasının əsasları və qaydaları əks olunmuş bukletlər paylanılmışdır. Bu dövr ərzində həmçinin muxtar respublika ərazisində fəaliyyət göstərən işəgötürənlərlə əmək miqrasiyası sahəsində maarifləndirici görüşlər keçirilmişdir. Bununla yanaşı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı və Naxçıvan Muxtar Respublikası ərazisində əmək fəaliyyəti ilə bağlı hazırlanmış videoçarxlar Naxçıvan Televiziyasında mütəmadi olaraq nümayiş etdirilmişdir. Həmin videoçarxlar və əcnəbilərin Azərbaycan Respublikası ərazisində olması, yaşaması, əmək fəaliyyəti və digər hüquqlarının həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş şərtlər, qaydalar və məhdudiyyətlər barədə ətraflı məlumat Xidmətin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Xidmət rəisinin çıxışından sonra Xidmət əməkdaşlarından Şahin Nəbiyevin, Aysel Əliyevanın, İlqar Seyidovun, Zakir Məmmədovun və Samir Sadiqovun çıxışları olmuşdur.

Joomla 1.5