27 iyun 2014. Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

ÇapE-poçt

Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir

İyunun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə muxtar respublikanın yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin kollektivi və  AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov açaraq Naxçıvanın muxtariyyət statusunun ötən dövr ərzində bölgənin tarixi taleyində əhəmiyyətli rola malik olduğunu vurğulamışdır.

Qeyd edilmişdir ki, Ümummilli Lider Heydər Əliyev Naxçıvanın  muxtariyyət statusunu dövlətçilik tariximizdə mühüm nailiyyət kimi qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli çıxış edərək demişdir ki, ərazisi dəfələrlə müharibə meydanına çevrilsə də, Naxçıvan heç vaxt əyilməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlamışdır. Onun sözlərinə görə, hələ XII əsrdə Naxçıvan şəhəri qüdrətli Atabəylər dövlətinin paytaxtı olmaqla bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr vermiş, milli dövlətçilik tariximizdə mühüm rol oynamışdır.

Sonra tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin oxucu biletləri təqdim olunmuşdur.

Tədbir iştirakçıları həmin gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət etmişdir.

Joomla 1.5