04 aprel 2014. Miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbirinin keçirildiyi növbəti ünvan Culfa rayonu

ÇapE-poçt

Dövlət Miqrasiya Xidməti tərəfindən Culfa rayon icra hakimiyyətinin inzibati binasında miqrasiya sahəsində maarifləndirmə tədbiri həyata keçirilmişdir. Keçirilmiş tədbirdə rayonun inzibati ərazi dairəsi üzrə kənd icra nümayəndəliklərinin rəhbər işçiləri, kənd bələdiyyə sədrləri və rayon sakinləri iştirak etmişlər.Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları çıxış edərək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydaları,eyni zamanda Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər haqqında məlumatlar veriblər.Çıxışlarda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar.Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsilə müraciət etməlidirlər. Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan şəxslərin məsuliyyəti barədə də söhbət açılan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, miqrasiya sahəsində maarifləndirici bukletlər paylanılıb.

Joomla 1.5