13 mart 2014. Dövlət Miqrasiya Xidməti tərəfindən maarifləndirmə

ÇapE-poçt

Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Miqrasiya  Xidməti  Şərur Rayon  İcra  Hakimiyyətində  inzibati  ərazi  dairəsi  üzrə nümayəndələr və hüquq mühafizə orqanlarının əməkdaşları üçün maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə  Xidmət  əməkdaşları  tərəfindən qeyd olunmuşdur ki, əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan Respublikasının ərazisində  müvəqqəti  yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud  olduqda  Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Azərbaycan  Respublikasında  müvəqqəti yaşamaq üçün icazənin alınması ilə  bağlı müraciət edərkən əcnəbilərin pasportunun və ya digər sənədinin etibarlılıq  müddəti  verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq  olmalıdır. Əcnəbilərə  və  vətəndaşlığı olmayan şəxslərə Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün icazə verildikdə Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərə Azərbaycan Respublikasının  ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilir.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin bir ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda hər dəfə iki ildən çox olmayan  müddətə  uzadıla  bilər. Ölkə iqtisadiyyatına  azı  500  min manat məbləğində investisiya qoymuş əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi isə ərizəçinin müraciətində göstərilən, lakin üç ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda hər dəfə 3 ildən artıq olmayan müddətə uzadıla bilər.
Tədbirdə o  da  qeyd  edilmişdir  ki,  əcnəbilər  və  vətəndaşlığı  olmayan şəxslər  hüquqi  şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə  məşğul  olan  fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri  işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli, bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, onlara broşürlər paylanmışdır.

Joomla 1.5