Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində daimi yaşaması

ÇapE-poçt

Aşağıdakı əsaslarla müvafiq icazə əsasında azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər:

  • Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq      münasibətlərində olma;
  • ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyma;
  • Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakın və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaitinin olması;
  • iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olma;
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvlərinin olması;
  • xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutma;
  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə 2 ay müddətində baxılmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq qərar qəbul edilir.

 

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır.

Joomla 1.5